Xalq artisti Sabir Ələsgərov: "Həkimlər deyir getdikcə yaxşılaşırsan..."

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərov Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının reanimasiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxanada Sabir Ələsgərova baş çəkib onun səhhəti ilə maraqlandıq.

 

Xəstəxana rəhbərliyinin icazəsini aldıqdan sonra Sabir müəllimin qızı ilə görüşdük. Xeyli tərəddüd etdikdən sonra çəkilişə razılıq verdi.

 

Sabir müəllimin özü ilə görüşürük. Müsahibə verməkdən imtina etsə də, xahişimizi geri çevirməyib səhhəti haqda az da olsa, məlumat verir: "Həkimlər deyir getdikcə yaxşılaşırsan, elə mənə də elə gəlir. Səhərlər başgicəllənməm olur, amma, deyəsən, normallaşır vəziyyət. İştaham azdır, məncə, elə ona görə də baş ağrılarım olur".

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikanın reanimatoloqu Bayram Nuriyev bizimlə söhbətində bildirib ki, 79 yaşlı Sabir Ələsgərov fevralın 24-dən xəstəxananın ümumi terapiya şöbəsinə yerləşdirilib. Analizlər aparılandan sonra onun reanimasiya şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilib. Aparılan analizlərdən sonra xalq artistinin vəziyyətinin ciddi olduğu məlum olub.

 

Bayram Nuriyev deyir ki, klinikaya müraciət edəndən sonra Sabir Ələsgərov müayinə edilib, ona intensiv terapiya tətbiq edilir. Qan göstəriciləri və təzyiqi aşağıdır. Həkimlərin keçirdiyi konsilium əsasında Sabir Ələsgərova xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Həmçinin qan azlığı var, böyrək probleminə görə qanında kreatinin miqdarı yüksəlib. Dializ tətbiq edilməsinə ehtiyac duymadıqlarını deyən mütəxəssis qeyd edib ki, hazırda klinikamızda fasiləsiz böyrək əvəzedici cihaz var, həmin cihazla böyrək problemini aradan qaldırılır. Çünki həmin cihaz dializdən daha yaxşıdır: "Bu gün üçün xəstəmizdə xeyli müsbət dəyişikliklər var. Çox müsbət irəliləyişlər var əvvəlki günlərlə müqayisədə. Yaxın beş gün içərisində xəstənin palataya köçürülməsi gözlənilirdi, amma hələ ki az da olsa, problem qalmaqdadır. Xəstənin sinir sistemində də narahatlıq olduğundan, hələlik qərarımızı dəyişmişik. Hələlik reanimasiya şöbəsində müalicə davam etdirilir. İnanıram ki, yaxın günlər ərzində reanimasiyadan şöbəyə köçürüləcək. Xəstədə böyrək çatışmazlığı ilə yanaşı, kardiovaskulyar çatışmazlıq da müəyyən olunub. İnotrop dediyimiz preparatlarla dəstək müalicə aparılır. Elə reanimasiyada qalma səbəblərindən biri də budur. Tezliklə bu problem də aradan qaldırıldıqdan sonra səhhəti daha da yaxşılaşacaq".

 

Yastığınız yüngül olsun, Ustad!

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı