Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulmasına start verilib

Azərbaycan prezidenti İlham Əliyevin 5 noyabr 2015-ci ildə imzaladığı sərəncama əsasən, ilkin olaraq ayrılan 3 milyon manat vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Qorağan-Qax-Zaqatala avtomobil yolunun yenidənqurulması işlərinə başlanıb.

 

"Azəryolservis" ASC-dən APA TV-yə verilən məlumata görə, hazırda ərazidə torpaq işləri görülür, yeni yol əsasının tikintisi işləri aparılır.

 

Yolun ümumi uzunluğu 29,8 km, torpaq yatağının eni 12,0 m, hərəkət zolağının sayı 2 olmaqla hər bir zolağın eni 3,75 m, çiyinlərin eni 2,5 m, çiyində bərkidici zolağın eni 0,5 m-dir. Asfalt-beton örtüklü yolda hesabi sürət 80 km/saat nəzərdə tutulub.

 

Bundan başqa, 5 ədəd yeni körpünün tikintisi və 1 ədəd mövcud körpünün əsaslı təmiri, dəmir-beton boru və drenaj işlərinin görülməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, 24 ədəd avtobus dayanacağının tikintisi və müxtəlif işlərin icrası da nəzərdə tutulub.

 

Layihə reallaşdırıldıqdan sonra Qax və Zaqatala rayonları arasında hazırda istifadə olunan 46 kilometrlik məsafə qısalaraq 36 kilometr olacaq.

Müəllif | Apa.Tv
Apa.tv