"Akkord"un işçisi bibisi oğlunu qətlə yetirdi
Mingəçevir şəhərində qətl hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Heydər Əliyev prospekti 76/1, mənzil 20-də yaşayan 21 yaşlı Ələkbər Rüstəmli aralarında yaranan mübahisə zamanı Şəki rayonunun Çayqoyunlu kənd sakini olan bibisi oğlu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının II kurs tələbəsi, 18 yaşlı Məhəmməd İsrafilovu bıçaqlayıb. Hadisə Ələkbər Rüstəmlinin yaşadığı evdə baş verib. Bədəninin müxtəlif nahiyyələrindən ağır bıçaq xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilən Məhəmməd İsrafilovun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Qətli törədən Ələkbər Rüstəmlinin “Akkord” Şirkətinin işçisi olduğu bildirilir. O, tutularaq şəhər polis şöbəsinə gətirilib.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.