Dövlət Departamenti: Suriyada kürdlərə muxtariyyət verilməsini istəmirik
"ABŞ Suriyada kürdlərə muxtariyyət verilməsini istəmir". APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında bildirib.
Con Kirbi ABŞ-ın Suriyanın federal dövlətə çevrilməsini, Suriyada kürdlər üçün yarı muxtar bir bölgə qurulmasını istəmədiyini vurğulayıb. Dövlət Departamentinin sözçüsü Suriyada qarşıdurmaların azalmasından sonra hakim rejimlə müxaliflər arasında diplomatik müzakirələrin başladığını da qeyd edib.
Kirbi müzakirələr uğurlu olarsa, Suriyada xalqın ehtiyaclarına cavab verəcək bir hökumətin qurulacağını söyləyib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın Suriyanın gələcəyində Bəşər Əsədin yerinin olmadığını düşündüyünü və ölkədə Bəşər Əsədin olmadığı bir hökumətin qurulmasını istədiyini bəyan edib.