Çində milyonlarla insan işsiz qalacaq
Pekində Çin Xalq Respublikası parlamentinin növbəti sessiyası başlayıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, sessiyanın gedişində istehsalat səviyyəsinin və büdcə gəlirlərinin azalmasına rəğmən, iqtisadi artım səviyyəsinin növbəti 5 il ərzində 6,5 faizlik göstəricidə saxlamaq qarşıya məqsəd qoyulub.
Yeni iş yerlərinin yaradılması, zərərlə işləyən müəssisələrin fəaliyyətinə son qoyulması və korrupsiya ilə mübarizə məsələləri, Çin iqtisadiyyatının hazırda üzləşdiyi çətinliklər ölkənin baş naziri Li Keçyanın məruzəsinin də əsas mövzusu olub. Deputatlar həmçinin növbəti maliyyə ilinin büdcəsini də təsdiq etməlidirlər.
2016-cı ildə büdcə kəsirinin ümumdaxili məhsulun 3 faizini təşkil edəcəyi gözlənilir. Cari ildə hərbi məqsədlərə ayrılan vəsait 7,6 faiz artırılsa da, bu, müdafiə xərclərinin ötən dövrə nisbətən azalması deməkdir. Çin hökuməti ilk növbədə az rentabelli müəssisələrin sayının azaldılmasına başlayıb. Bu işə ilk olaraq kömür və qara metallurgiya sənayesi sahələrindən start verilib.
Adı çəkilən sahələrdə istehsalatın məhdudlaşdırılması təkcə mədənlərdə 1,8 milyon nəfərin işini itirməsi ilə nəticələnəcək. Ümumilikdə isə bu sahə üzrə 3 milyon nəfər işsiz qalacaq.