Azərbaycan prezidenti Dünya Turizm Təşkilatının baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində prezident İlham Əliyev ilə görüşlərini xatırlayıb. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını deyib.

 

Dövlət başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə Dünya Turizm Təşkilatının baş katibinə minnətdarlığını bildirib, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd edib. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını deyib. Dövlət başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirib, görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söyləyib.

 

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv