Oğurluğa görə saxlanan şəxs: "O evdə əvvəl usta işləmişdim, suvaq vurmuşdum"

Gəncədə oğurluq edən 3 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şəhərin Məhsəti qəsəbəsində Nüsrət Hüseynovun evindən oğurluq edən 3 nəfər - Gəncə şəhər sakini, 29 yaşlı Emin Kazımov, Goranboy rayon Borsunlu kənd sakinləri Sərxan və Sərvan Zeynalov qardaşları saxlanılıb.

 

Müstəntiq Fərid Məmmədovun sözlərinə görə, hazırda ibtidai istintaq davam etdirilir: "Nüsrət Hüseynova məxsus mənzilə qanunsuz daxil olaraq həmin mənzildən 550 manat dəyərində bir ədəd xalçanı və 550 manat dəyərində bir ədəd "Arçelik" markalı paltaryuyan maşını qanunsuz ələ keçirməklə oğurlayıblar. Hal-hazırda həmin şəxslər tərəfimizdən şübhəli şəxs kimi saxlanılıb, ibtidai istintaq davam etdirilir".

 

Saxlanılan Emin Kazımov əvvəllər Nüsrət Kazımovun evində usta işləyib. Sonra mənzil barədə dostlarına məlumat verib və oradan oğurluq etməyi təklif edib. Əraziyə gedən dostlardan Sərvan çöldə maşında gözləyib, Sərxanla Emin isə içəri daxil olaraq oradan xalça və paltaryuyan maşını götürüblər: "Yoldaşlarım Sərxan və Sərvanla pula ehtiyacımız olduğu üçün oğurluq eləmişik. Məhsəti qəsəbəsindən işlədiyimiz yerdən oğurluq eləmişik. O adresdə əvvəllər usta işləmişəm, suvaq vurmuşuq".

 

Saxlanılan Sərvan Zeynalov da oğurluğu maddi imkansızlığa görə etdiyini deyib: "Getdik Eminin işlədiyi yerə. Qardaşım Sərxan, Emin, bir də mən. Emin dedi ki, belə bir şey var. Bizdə maddi imkansızlığa görə gedib oğurluq etdik".

 

Saxlanılan şəxslərin hər biri azyaşlı övlad valideynləridir. Faktla bağlı Gəncə şəhər baş Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli