Bakıda çay evində atışmanın təfərrüatları məlum olub
Bakıda çay evində baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nəsimi rayonunda yerləşən "Odlar Yurdu" çay evində baş verən silahlı insidenti törətməkdə təqsirləndirilən Vüqar Şirinov saxlanılıb. APA TV-nin əməkdaşları hadisə baş verən ərazidə çəkiliş aparmağa müvəffəq olub.
Məlumata görə, Ağsu rayon sakinləri Vüqar Şirinov və və Murad Qubadov aralarında yaranan narazılığı qaldırmaq məqsədi ilə çay evində görüşüblər. Qəflətən onların arasında mübahisə yaranıb və 1983 -ci il təvəllüdlü Vüqar Şirinov üstündə olan lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ilə 41 yaşlı Qubadovun üz və döş nahiyəsinə bir neçə dəfə atəş açıb. Ətraf qan içində olduğundan çay evinin işçiləri təşvişə düşərək küçəyə çıxıblar.
Çayxanada olan müştərilərin və ətrafdakıların köməkliyi ilə zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İnsidentin şəxslər arasında yaranan borc məsələsinə görə baş verdiyi bildirilir.