“Azəryolsevis” ASC-nin “Tatra servis mərkəzi” fəaliyyətə başladı
Qaradağ rayonunun Qobustan qəsəbəsində “Azəryolservis” ASC-nin “Tatra servis mərkəzi” fəaliyyətə başlayıb.
APA TV-nin xəbərinə görə, mərkəzin rəsmi açılış mərasimində “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.
Saleh Məmmədov öncə mərkəzin inzibati binasında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait var. Otaqlar lazımi avadanlıqla təchiz edilib. İnzibati binada kiçik iclas zalı da yaradılıb. Bundan başqa binanın ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.
Daha sonra mərkəzin təmir sexlərinə və yardımçı sahələrə baxış keçirilib. Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan “Tatra” və dizel yanacaqla çalışan digər markalı yükü özüboşaldan maşınlarının təmiri, həmçinin texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib. Burda çalışan bütün işçilərin əmək şəraiti yüksək səviyyədə təşkil olunub, təhlükəsizlikləri təmin olunub. Mərkəzdə eyni anda “Tatra” və dizel yanacaqla çalışan digər markalı yükü özüboşaldan maşınlarının təmiri və texniki qulluğu həyata keçirilə bilir.
“Tatra servis mərkəzi”ndə təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, həmçinin yeməkxana da mövcuddur.
İşsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə mərkəzdə onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin olunub. Belə ki, mərkəzdə təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.
Qeyd edək ki, “Tatra servis mərkəzi” Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti ilə “Azəryolservis” ASC arasında imzalanmış müqavilə əsasında inşa edilib.