Lənkəran Sərhəd Dəstəsində yeni yaşayış binası istifadəyə verildi
Martın 7-də Dövlət Sərhəd Dəstəsinin (DSX) Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış kompleksi istifadəyə verilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX-nin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər barədə söz açaraq, hərbi qulluqçuların mənzil təminatı məsələlərinin ölkə başçısının daim diqqət mərkəzində olduğunu bildirib.
Hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edildikdən sonra Elçin Quliyev yaşayış şəhərciyində yaradılmış şəraitlə tanış olaraq, yeni yaşayış binasına baxış keçirib, həmçinin sərhədçi ailələri ilə söhbət edib.
Qeyd edək ki, sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə olunan bu dördmərtəbəli bina iki, üç və dörd otaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin edilib. Binada müasir avadanlıq və alətlərlə təmin olunmuş geniş idman zalı yaradılıb.
Yaşayış şəhərciyində mərkəzləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırılıb. 3500 kvadratmetrlik ərazidə abadlıq və istirahət guşələri yaradılıb, 4000 kvadratmetr əraziyə asfalt örtüyü döşənib.
Voleybol və mini futbol meydançası olan geniş idman şəhərciyi və uşaqlar üçün yaradılmış əyləncə guşəsi lazımi avadanlıqlarla təchiz olunub, habelə kompleksin fasiləsiz su və istilik təminatı üçün müvafiq tədbirlər görülüb.