Azərbaycanda 18 kq-dan çox narkotik ələ keçirildi

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və qaçaqmalçılığına qarşı mübarizə sahəsində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

 

APA TV-nin xəbərinə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - əvvəllər məhkum olunmuş Şahin Əliyev və Şölət Ağayev 5 kiloqram narkotik vasitə olan tiryəki satarkən saxlanılıblar.

 

Ş.Ağayevin üzərinə baxış zamanı ondan 11 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, Ş.Əliyev narkotik vasitələri İran İslam Respublikasının adları hələlik istintaqa məlum olmayan vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirib.

 

Baş İdarə və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri digər əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayon sakini Müvəkkil Əhmədov Bakı Beynəlxalq Avtovağzalnın yaxınlığında özünə məxsus “Naz Lifan” markalı avtomobili idarə edərkən saxlanılıb. Maşına baxış zamanı oradan 80 ədəd kibrit qutusunda qablaşdırılan, ümumi çəkisi 170 qram olan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. M.Əhmədov ifadəsində narkotik vasitələri Beyləqan rayonunda Haramı düzü adlanan ərazidəki kanalın yaxınlığında əkib becərdiyini və qurudandan sonra satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib.

 

Narkotiklərlə mübarizə sahəsində daha bir əməliyyat tədbiri isə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Nəticədə Bakı şəhər sakini Samir Həsənzadənin üzərindən 100 qram marixuana aşkar olunub. Onun Pirşağı qəsəbəsindəki yaşadığı evə baxış zamanı əlavə 2 kiloqram marixuana aşkar edilərək götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv