Bakıda belə dələduz olmamışdı - QARŞISINA ÇIXANI ALDADIB

Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək onlara külli miqdarda ziyan vuran Xətai rayon sakini İbrahim Baxışov saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, araşdırma zamanı məlum olub ki, İ.Baxışov Bakı şəhər sakini Rasimə Əsədovanın Yasamal rayonunda inşa etdirdiyi evi onun etibarından sui-istifadə edərək öz adına rəsmiləşdirib. Bununla da İ.Baxışov R.Əsədovaya ümumilikdə 35000 ABŞ dolları məbləğində ziyan vurub.

 

Bundan başqa, İ.Baxışov tanışı Sadiq Qasımlıya sonuncunun Yasamal rayonu, S.Tağızadə küçəsi 60, mənzil 23 ünvanında yerləşən mənzilinin çardaq, yəni mansard hissəsini onun adına rəsmiləşdirilməsində köməklik edəcəyini vəd edərək dələduzluq yolu ilə onun 3000 ABŞ dollar pulunu mənimsəyib.

 

Cinayət əməllərini davam etdirən İ.Baxışov Bakı şəhər sakini Əziz Mövsümova yalan vəd verərək, onun üçün Sabunçu rayonu Ləhiş bağlar massivində ev inşa etdirəcəyini bildirib və onun 20000 manat pulunu ələ keçirib.

 

Bundan başqa, İ.Baxışov Sabirabad rayon sakini Dədəkişi Dövlətovun da etibarından sui-istifadə edərək, ona Rusiya Federasiyasının ali məktəblərindən birinin diplomunu düzəldəcəyini vəd edib. İ.Baxışov bu işin müqabilində D.Dövlətovdan 5000 manat pul alsa da sonradan verdiyi vədi yerinə yetirməyərək təkrar dələduzluq əməlini törədib.

 

Əlavə olaraq İ.Baxışov Bakı şəhər sakini Fəxrəddin Məmmədovun da etibarından sui-istifadə edərək, onun Almaniyadan gətirdiyi “Ford Transit” markalı avtomobili sonuncunun adına gömrük qeydiyyatından keçirməyə köməklik göstərəcəyinə söz verib. Bunun müqabilində İ.Baxışov F.Məmmədovdan ümumilikdə 5197 manat alsa da, sonradan verdiyi vədi yerinə yetirməkdən imtina edib.

 

Polis əməkdaşları İ.Baxışovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.  Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə  müraciət etmələri xahiş olunur.

Müəllif | Apa.Tv