Florensiyada Xocalı qurbanları anıldı
Martın 4-də İtaliyanın Florensiya şəhərinin “Palazzo Borghese” sarayında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, kino sahəsində nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı müstəqil sənədli filmin premyerası keçirilib.
APA TV-nin xəbərinə görə, filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının əziz xatirəsinə həsr edilib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Azərbaycanın İtaliyadakı səfirliyinin, Florensiyada yerləşən İtaliya və Azərbaycan arasında mədəni mübadilə üzrə Avropa Assosiasiyasının (EURASIA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Florensiya meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azərbaycanlı tələbələr iştirak ediblər.
Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin meneceri Cək Peqoraro bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası 8 may 2008-ci ildə başlayıb. O, “Sonsuz dəhliz” sənədli filmi haqqında məlumat verərək bildirib ki, ekran əsəri şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalı hadisələrini daha dərindən anlamaq üçün bu ekran əsəri əvəzsiz imkandır.
Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə deyib ki, Avropa ictimaiyyəti Xocalı faciəsinin həqiqətləri ilə bağlı məlumatsızlığı ən kədərli məqamlardan biridir. Onun sözlərinə görə, ermənilər günahsız Azərbaycan vətəndaşlarına qarşı törətdikləri vəhşiliklər barədə dünya ictimaiyyətinin əsl həqiqəti bilməsini istəmirlər. Hamının Dağlıq Qarabağda nələrin baş verdiyi haqda agah olmasının vaxtı artıq çatıb.
2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.
Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.