Ağdaşda avtomobil hasara çırpıldı: sürücü və qaynanası öldü
Ağdaş rayonunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş-Qəbələ yolunun 6-cı kilometrliyində, Ağdaşın Dəhnə kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayonunun Ziring kənd sakini, 1976-cı il təvəllüdlü Nail Nadir oğlu Məmmədov idarə etdiyi 10 BX 366 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb və aşıb. Hadisə zamanı avtomobilin sürücüsü Nail Məmmədov və 1961-ci il təvəllüdlü qaynanası Şəfiqə Eldar qızı Abdullayeva aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücünün həyat yoldaşı, 1983-cü il təvəllüdlü Maya Allahyar qızı Məmmədova ağır bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.