“Zaman adlı qatar” filmi təqdim olundu: Ayaz Salayev özünü aktyor kimi sınadı
Martın 7-də Nizami Kino Mərkəzində “Zaman adlı qatar” filminin qala gecəsi keçirilib. APA TV-nin məlumatına görə, ekran əsərinə rejissor Kənan Musayev quruluş verib. Film ana məhəbbətindən bəhs edir.
“Zaman adlı qatar”da əsas rolları xalq artisti Həmidə Ömərova, rəqqasə Oksana Rəsulova, aktyorlar Vüsal Murtuzəliyev, Ayan Babayeva, Ayaz Salayev, Murad Məmmədov, Könül Nağıyeva, Suğra Bağırzadə, İlham Əsgərov ifa edir.
Kənan Musayev, filmin rejissoru: “Film Azərbaycan anaları haqqındadır. Analar həmişə öz övladları üçün hər bir qəhrəmanlığa, fədakarlığa hazırdırlar. Filmimiz də bu barədədir - analar, onların getdiyi fədakarlıqlar...”
Həmidə Ömərova, aktrisa: “Filmin əsas ideyası məhəbbət, uşağa qayğı, sevgidir. Hər bir qadının missiyası analıqdır. Biz dünyaya ana olmaq üçün gəlmişik və analıq borcumuzu ömrümüzün axırına qədər yerinə yetirməliyik. Əgər bu film zaldan ona tamaşa edənlərə məhəbbət, yaxşı duyğular, xeyirxah hisslər aşılayacaqsa, deməli onu çəkməyə dəyərdi”.
Ayaz Salayev, filmin aktyoru: “Mən özüm filmi görməmişəm. Sözün düzü, mən bu filmdə balaca bir rola çəkilmişəm. Aktyorluq sənəti mənim peşəm deyil. Amma tələbə vaxtlarından Moskva Kinematoqrafiya İnstititutunda xırda rollara çəkilirdim. Rusiyada, Almaniyada çəkilirdim, Azərbaycanda bir neçə dəfə çəkilmişəm. Peşəkar aktyor olmasam da, bu sənət xoşuma gəlir”.
Qeyd edək ki, “Zaman adlı qatar” filmi martın 31-dən etibarən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.