Balakəndə partlayış: 95 yaşlı müharibə veteranı xəsarət aldı
Balakəndə vanna otağında partlayış olub, 95 yaşlı Böyük Vətən müharibəsi veteranı ağır yanıq xəsarətləri alıb.
Balakən Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Araşdırma zamanı məlum olub ki, 95 yaşlı M.Mustafayev yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış baş verib. Nəticədə M.Mustafayev bədənin 1-ci, 2-ci və 3-cü A dərəcəli termiki yanıq xəsarətləri alıb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən M.Mustafayevin vəziyyəti ağır qiymətləndirilir.
Məlumatda bildirilir ki, Məhəməli Mustafayev Böyük Vətən müharibəsi veteranıdır.
Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.