Gəncəbasarda silsilə oğurluqlar edən Həsən Oktyabrski: "Mənim əlim olmayıb..."
Şəmkirdə silsilə oğurluqlar edən iki Gəncə sakini saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, saxlanılan Gəncə sakinləri - 31 yaşlı Nizami Zeynalov və 28 yaşlı Həsən Oktyabrski son bir neçə ay ərzində təkcə Şəmkir rayonu ərazisində arda-arda bir neçə oğurluq hadisəsi törədiblər.
Əvvəlcə müxtəlif şəxslərə məxsus fərdi təsərrüfatlarda ev quşlarını oğurlayan həmin şəxslər sonradan subartezian quyularının kabellərini talayaraq Gəncə şəhərində satıblar. Müstəntiq Taleh Şamilovun dediyinə görə, sonuncu dəfə onlar Şəmkir sakini Azad Hüseynova məxsus "KamAZ" markalı yük avtomobilinin 2 ədəd akkumulyatorunu oğurluq yolu ilə ələ keçiriblər: "Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Nizami Abdulrəhim oğlu Zeynalov və 1988-ci il təvəllüdlü Həsən Vasili oğlu Oktyabrski şübhəli şəxs qismində saxlanılıb. Aparılan araşdırma zamanı onların Şəmkir rayonu ərazisində oğurluq cinayəti törətməsi müəyyən edilib".
İlkin istintaq zamanı məlum olub ki, Nizami Zeynalov və Həsən Oktyabrski Şəmkirlə yanaşı, Gəncə şəhəri və Samux rayonunda da oxşar cinayətlər törədiblər. Hələlik onların bir şəhər və iki rayonda 40-dan çox oğurluq etdikləri məlum olub: "Birinci Gəncədən akkumulyator aparmışıq. Sonra Samux və Şəmkirdən akkumulyator və kabel aparmışıq. Götürdüklərimizin hamısını satmışıq".
Həsən Oktyabrski isə oğurluq təklifinin Nizamidən gəldiyini və əməlinə görə peşman olduğunu deyib. Saxlanılan şəxs əlavə edib ki, oğurluqların bir çoxunda onun əli olmayıb.
Faktlarla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. Zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.