Ermənilər Tərtərdə çobanları atəşə tutdu

Ermənilər Tərtərdə çobanları atəşə tutub. APA TV-nin Qarabağ müxbiri xəbər verir ki, Tərtərin Çaylı kənd sakini Rəşad Şahvələdov ermənilərin öncə onu hədəfə alaraq öldürməyə çalışdığını deyib.

 

Onun sözlərinə görə, atışma Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşindən sonra dayanıb: “Öz qoyunlarımızı otarırdım. Ermənilərin açdığı atəş nəticəsində heyvanlarımızın 3-ü yaralandı, ölən də oldu. Qısa müddətli atışma oldu. Az qala məni vurub öldürmüşdülər. Sonra bizim ordunun cavab atəşi nəticəsində ermənilər susdular, öz mövqelərinə çəkildilər. Ondan sonra heyvanları yığıb ərazidən çıxdım”.

 

Şahvələdovlar ailəsi 1992-ci ildə Şuşa şəhərindən məcburi köçkün düşüblər. Elə həmin vaxtdan Tərtərin Çaylı kəndində məskunlaşıblar. 8 nəfərlik ailəsi ilə hər gün atışma şəraitində yaşadığını deyən ailə başçısı Qara Şahvələdov ermənilərin süni şəkildə yaratmağa çalışdığı gərginlikdən qorxmadığını deyir: “Biz burda qorxmuruq. Oğlum, gəlinim və nəvəm yanımdadır. Heç nədən qorxmuruq, həyat burda davam edir ”.

 

Qeyd edək ki, gün boyu Tərtərlə yanaşı, cəbhə xəttinin Ağdam və Goranboy rayon istiqamətində də atışma səsləri eşidilib.

Müəllif | Apa.Tv