Astaranın Deqədi-Pəlikeş avtomobil yolunda sürüşmə aktivləşib

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi prosesi aktivləşib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, ümumi uzunluğu cəmi 21 kilometr olan bu yolda son vaxtlar tez-tez çökmələr və sürüşmələr baş verir.

 

Yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. Amma son vaxtlar yolda tez-tez torpaq sürüşmələrinin qeydə alınması həm sürücülərin, həm də yerli sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, hər dəfə yağış yağarkən yolda yeni çatlar, çalalar əmələ gəlir.

 

Firudin Qəhrəmanov, yerli sakin: "Yollar, gördüyünüz kimi, pis vəziyyətdədir. Düzdür, təmir edirlər, amma yağış yağan kimi yenə pis vəziyyətə düşür. Deyilənə görə, yolda təmir işləri görüləcək. Burada torpaq sürüşkəndir. Əgər gələcəkdə yenə asfalt döşənsə, sürüşmə təkrarlana bilər".

 

Doğrudur, yoldakı mövcud vəziyyətə daim yerli icra strukturları tərəfindən nəzarət olunur. Çalalara, çöküntülü yerlərə mütəmadi olaraq çınqıl döşənir. Amma bununla belə, aktivlik artmaqda davam edir.

 

Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən yarım metrə qədər çöküb, həmçinin dərəyə doğru sürüşmə aktivliyi artıb. İndi yolda avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüzdür.

 

Yolun tikintisində iştirak etmiş yerli sakinlərin fikrincə, yolun ayrı-ayrı ərazilərindən yeraltı çaylar keçir, bu da nəticə etibarilə asfalt örtüyünün erroziyaya uğramasına səbəb olur.

 

Astara rayonunun yerli icra strukturları Deqədi-Pəlikeş avtomobil yolunda baş verən torpaq sürüşmələri prosesinin qarşısını almaq üçün əsaslı işlərə yalnız yaz-yay aylarında başlanacağını bildiriblər. Hələlik isə yola nəzarəti gücləndirməklə, nəqliyyat vasitələrinin rahatlığını təmin etməkdən ötrü çala-çuxurlar çınqılla doldurulur.

Müəllif | Apa.Tv