ABŞ apreldən neft və qaz hasilatını azaltmağa qərar verdi
ABŞ aprel ayında neft hasilatının səviyyəsini azaltmağı planlaşdırır. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, ən çox azalmanın Texas ştatında yerləşən "Eagle Ford" yatağında müşahidə olunacağı planlaşdırılır.
Sözügedən yataqda hasilatın ümumi səviyyəsinin sutkada 58 min barel azaldılaraq, 1 milyon 177 min barelə endiriləcəyi gözlənilir. ABŞ-ın Energetik İnformasiya İdarəsinin proqnozlarına görə, 2016-cı ilin aprel ayında Amerikanın neft-qaz regionlarında hasilatın ümumi səviyyəsi mart ayına nisbətdə 106 min barel azalaraq, sutka ərzində 4 milyon 871 min barel təşkil edəcək.
Xatırladaq ki, hələ fevral ayında sözü gedən qurum əsas yataqlarda slans nefti hasilatının 92 min barel azalacağını proqnozlaşdırırdı. Aprel ayında hasilat səviyyəsində baş verəcək azalmanı şərtləndirən əsas amil isə Birləşmiş Ştatların bütün iri neft yataqlarında neft çıxarılmasının aşağı düşməsi olacaq.
İdarədən o da qeyd olunub ki, hasilatın azalması həmçinin, Şimali Dakota ştatındakı neft yataqlarını da əhatə edəcək. Sözü gedən ştatda neft hasilatı proqnozlara görə 28 min barelədək azalacaq. "Permian" neft yatağında isə azalma 4 min barel səviyyəsində hiss olunacaq. Bundan əlavə Energetik İnformasiya İdarəsi yuxarıda adları sadalanan yataqlarda qaz hasilatının da 12 milyon 742 min 576 kubmetr azalacağı qənaətindədir.