Buzovnada “Narkomaniya - ölümə aparan yol” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Xəzər Rayon Polis İdarəsinin təşəbbüsü ilə Buzovna qəsəbəsi 206 saylı tam orta məktəbin akt zalında “Narkomaniya - ölümə aparan yol” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Xəzər Rayon Polis İdarəsinin rəis müavini İsmayıl Qasımov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş söhbət açıb.
İdarə rəisi Azər Muradov isə konkret statistikaya toxunaraq ərazidə törədilən 857 cinayətin 80 faizinin narkotik vasitələrə meylli insanlar tərəfindən törədildiyinə diqqət çəkib: "Narkotikin vaxtı çatanda o, öz əməllərinə, öz fikirlərinə sahib dura bilmir, tarazlığını itirir. Amalı, məqsədi bir olur - cinayət törətsin, quldurluq etsin, narkotik əldə etsin, özünə qulluq etsin".
Polis Akademiyasının baş müəllimi Vüqar Mansurovun əyani vasitələrlə çıxışı şagirdlər arasında daha böyük maraqla qarşılanıb. O bildirib ki, ərazidə 5 narkomanın belə olması heç də az rəqəm deyil. Hər bir narkoman bir il ərzində azı 10 nəfəri bu bəlaya düçar edir. Məqsəd isə birdir - özündə olmadığı təqdirdə, tanıdığı şəxslərlə bərabər narkotik vasitədən istifadə etsin.
Daha sonra şagirdlərin sualları, təklifləri dinlənilib. Tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub.