Azərbaycan prezidenti İordaniyanın keçmiş baş nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş baş naziri Abdelsalam al-Macalini qəbul edib.
APA TV-nin məlumatına görə, Abdelsalam al-Macali İordaniyanın kralı II Abdullahın salamlarını və Forum münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.
Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirib.
Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olunub, Forum iştirakçılarının ölkəmizlə yaxından tanış olması üçün tədbirin yaxşı fürsət yaratdığı bildirilib.
Abdelsalam al-Macali İordaniya Kralı II Abdullahın məktubunu prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı İordaniya kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın kralına çatdırmağı xahiş edib.