Piyadanı vurub öldürən sürücü: "Qulağına "nauşnik" taxmışdı, nə qədər siqnal verdim..."

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Rauf Hüseynovun idarə etdiyi “KamAZ” markalı yanacaq daşıyan maşın hərəkətdə olarkən qəfildən qarşısına piyada çıxıb. Rauf Hüseynov bildirib ki, nə qədər xəbərdarlıq etsə də, xeyri olmayıb: “Keçirdi. Gördüm onu. Nə qədər tormoz verdim, siqnal verdim, qaçırtdım maşını bardürə tərəf, o da ora qaçdı. Burdan o yana mən hara qaça bilərdim?”

 

Şəxsiyyəti hələ məlum olmayan piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qəza yerüstü piyada keçidinin altında baş verib. Piyada yolu keçiddən deyil, hərəkət sürətinin 80 km/saat olan prospektin hərəkət hissəsindən keçib.  O, yolu keçərkən telefon qulaqlığından da istifadə edirmiş: “Qulağında da “nauşnik”i. Siqnal verdim...”

 

Hadisə yerində Nərimanov Rayon Polis idarəsinin əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb. Sürücünün ifadəsi alınıb.

 

Faktla bağlı cinayət işi başlanıb. Qəza zamanı dünyasını dəyişən piyadanın kimliyi müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Apa.tv