Serj Sərkisyan: “Hiss olunur ki, Azərbaycan güc tətbiq etmək niyyətindədir”
"Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız tərəflərin qarşılıqlı güzəşti əsasında həll oluna bilər". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının plenar iclasında Ermənistan prezidenti Serj Sərkisyan AŞPA üzvlərinin suallarını cavablandırarkən deyib. Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsi haqda ölkəsinin mövqeyini daha ətraflı izah edib.
"Bu münaqişə ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz 20 ildir ki, bu istiqamətdə həmsədrlərlə danışıqlar aparırıq. 2007-ci ildə bizə Madrid prinsipləri adlandırdığımız sənəd təklif olundu və bu sənəd 3 əsas prinsip üzərində qurulub: güc tətbiq etməmək, xalqların öz müqəddəratını təyin etmələri və ölkələrin ərazi bütövlüyü. Biz bu prinsipləri qəbul etdik. Bir qədər fasilədən sonra Azərbaycan da bu prinsipləri qəbul etdiyini bildirdi. Amma sonra Kazanda Azərbaycan yeni - 10 düzəliş gətirdi və biz də bunu təbii ki, qəbul edə bilməzdik. O vaxtdan Azərbaycan müəyyən süni problemlər yaratmağa başladı. Hiss olunur ki, onlar güc tətbiq etmək niyyətindədirlər".
Ermənistan prezidenti ənənəsinə sadiq qalaraq Azərbaycana qarşı ittihamlar irəli sürüb. O Azərbaycan dövlətini və hökumətini qeyri-proporsional şəkildə silahlanmaqda, Ermənistanı bir nömrəli düşmən elan etməkdə günahlandırıb.
Dağlıq Qarabağ münaqişəsi Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandla Ermənistan prezidenti arasında keçirilən görüşdə də əsas müzakirə mövzularından biri olub. Tyorbörn Yaqland erməni jurnalistin “Dağlıq Qarabağ və onun əhalisinin də Avropanın bir hissəsi olduğu və AŞ-nin bu bölgədə də öz prinsip və dəyərlərini həyata keçirməsinin vacibliyi” haqda sualını da cavablandırıb.
"Avrops Şurasının bu münaqişənin həllində xüsusi bir mandatı yoxdur. Biz bu münaqişənin siyasi həlli yollarını axtaran qrupa daxil deyilik və Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Bununla belə, bu, çox vacib bir sualdır və mən çox vaxt Avropadakı bir çox “dondurulmuş” münaqişələr haqda danışmışam. Avropa məkanında Dnestryanı, Kosovo və Dağlıq Qarabağ kimi münaqişələr mövcuddur. Avropa Şurası bu bölgələrdə öz prinsip və normalarını həyata keçirə bilmir. Mən Avropada insan hüquqlarının və demokratiyanın tam bərqərar olması üçün bu “qara ləkələr”in aradan qaldırılması istiqamətində müəyyən işlərin aparılması haqda düşünürəm".
Qeyd edək ki, Ermənistan prezidenti hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.