Narkotiklə tutulan şəxs: "Satıb oğluma etdiyim toyun borcunu ödəyəcəkdim"
Ötən gecə Bakıda polis narkotik maddələrin dövriyyəsinə qarşı əməliyyat keçirib. APA TV-nin məlumatına görə, 55 yaşlı kişi külli miqdarda müxtəlif narkotik maddələri 10 min manata satmaq istəyərkən saxlanılıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə bir nəfərin narkotik maddə satmaq istəməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə yollanıb.
Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirən polis əməkdaşları 2,5 kiloqramdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edib. Dindirmə zamanı Heydər Məmmədov narkotik maddəni “8-ci kilometr bazarı” yaxınlığında Seymur adlı həmyerlisindən aldığını bildirib. O, narkotik satışından əldə etdiyi pulu oğluna elədiyi toydan qalan borcunu ödəyəcəkmiş: “Seymur yaxınlaşdı mənə, dedi ki, belə bir iş var, gəl işləyək. Mən də fikirləşdim ki, imkanım yoxdur. Dedim, cəhənnəm, götürüm, həm özümü müalicə elətdirərəm, həm də borcumu ödəyərəm”.
Dindirmə zamanı Heydər Məmmədov əməlindən peşman olduğunu bildirib, 55 yaşında həbsxanaya gedəcəyinə görə kövrəlib: “Onunla dünən tanış olmuşam. Bu gün də mənim başıma bu oyunu gətirdi. Gərək ona inanmayaydım. İndiyə kimi “srok”da olmamışam, ailəm, uşaqlarım üçün yaşamışam”.
Polis əməkdaşları Heydər Məmmədovun Nizami rayonu ərazisində kirayədə qaldığı evə də baxış keçiriblər. Evdə müxtəlif yerlərdə gizlədilmiş ümumi çəkisi 15 kiloqrama yaxın marixuana aşkar edilərək, götürülüb. Araşdırma zamanı məlum olub ki, Heydər Məmmədov külli miqdarda narkotik maddəni 10 min manata satmaq niyyətində imiş.
Nizami RPİ 25-ci PB-nin rəisi Rafael Albabayev deyib ki, narkotiki Heydər Məmmədova 10 min manata satmaq məqsədilə Seymur verib: "Heydər Məmmədova 3 min manata veriləcəkmiş. Saxlanılan şəxs bildirib ki, guya 1200 manata borcu var. Şübhə var ki, Seymur adlı şəxsi özü uydurur. Çünki, Astara rayonunda da bu işlə məşğul imiş. Özü 16 yaşından marixuana qəbul edir".
Heydər Məmmədovun üzərində və kirayədə qaldığı mənzildə aşkarlanan narkotik maddələr ekspertizaya göndərilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.