Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir. Körpüdə son tamamlanma işləri həyata keçirilir. Artıq işlərin 97 faizi yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.

 

APA TV-nin xəbərinə görə, tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılır.

 

Layihə çərçivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir.

 

Hazırda körpünün dəmir konstruksiyalarının rənglənməsi, temperatur şovlarının quraşdırılması, körpünün alt hissəsinin aşınmasının qarşısını almaq məqsədilə xüsusi maddə ilə örtülməsi işləri aparılır.

 

Eyni zamanda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri də yerinə yetirilir. Bunun üçün körpünün alt hissəsində hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiya quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılmasına səbəb körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılacağıdır.

 

Əlavə işlərlə birlikdə layihənin tamamlanması 2016-cı ilin iyun-iyul aylarında nəzərdə tutulub.   

Müəllif | Apa.Tv
Apa.tv