Azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə yola salındı
Bakıdan Həcc ziyarətinə gedən ilk qrup Heydər Əliyev Hava Limanında çarter təyyarələri ilə yola salındı.
APA TV-nin xəbərinə görə, bu gün saat 8-də ilk təyyarə, 9.20-də isə ikinci təyyarənin uçuşu gerçəkləşdi. Hər reysdə bir qrup zəvvar yola düşdü.
Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən Qafqaz Müsəlmanlar İdarəsində qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.
Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda bu il Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.