Ukrayna prezidenti Türkiyədə: Ərdoğan və Poroşenko bağlı qapılar arxasında görüşdü

Ukrayna prezidenti Türkiyəyə səfər edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Pyotr Poroşenkonun bu ölkəyə səfərində əsas məqsədin Türkiyədən investisiyaların cəlb edilməsindən ibarət olduğu bildirilir.

Rəsmi qarşılanma mərasimindən sonra görüş bağlı qapılar arxasında keçirilib. Təkbətək görüşdən sonra danışıqlar Strateji Şuranın iclası çərçivəsində davam etdirilib. Prezidentlərin birgə keçirdikləri mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıqlayıb. O, həmçinin Türkiyənin Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımadığını da sözlərinə əlavə edib. Türkiyə prezidenti Krımın ilhaq edilməsi ilə Rusiyanın beynəlxalq hüquq normalarını pozduğunu bəyan edib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Rusiyanın güclü dövlət olması heç də onun hər məsələdə haqlı olduğu anlamına gəlmir. Görüş zamanı Ukrayna prezidenti Pyotr Poroşenko əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində edilən cəhdləri, eləcə də təhlükəsizlik və müdafiə sahələrindəki razılaşmaların koordinasiyasını hər iki ölkə arasında strateji əməkdaşlığın dərinləşməsinin əsas təzahürləri kimi qiymətləndirib. Bu günlərdə Kiyev rəsmi Ankaradan təhlükəsizlik və müdafiə sahələrində konkret kömək də əldə edib. Belə ki, Türkiyə Ukraynaya əvəzsiz olaraq ümumi dəyəri 810 min dollar həcmində qiymətləndirilən və hərbçilər üçün nəzərdə tutulmuş yataq dəstləri, hərbi ləvazimat, geyim formaları və bronijiletlərdən ibarət hərbi yardım göndərib. Əvəzində isə Ankara Ukraynadan hərbi texnologiyalar, o cümlədən "Yujmaşa" tipli raket qurğuları əldə etməyi planlaşdırır.

Türkiyə Kiyevə bir il öncə avans şəklində vəd etdiyi humanitar yardımı nəhayət göndərmək niyyətindədir. Ankara ilə yaxın əməkdaşlıq Kiyev üçün sərfəlidir. Hər şeydən əlavə Avropa Bankının Ukraynada yerləşən ofisinin və ATƏT-in ölkənin şərqindəki vəziyyətə nəzarət edən xüsusi monitorinq missiyasının rəhbərləri türk əsillidir.

Pyotr Poroşenko dövlət müəssisələrinin özəlləşdirilmə prosesində türklərin iştirak etməsində maraqlıdır.

Müəllif | Apa.Tv
Apa.tv