Nyu-York məhkəməsi: İran 11 sentyabr hadisələrinə görə 10,5 milyard dollar təzminat ödəməlidir

Nyu-York məhkəməsində İranın 11 sentyabr terror aktları zamanı ölənlərin ailələrinə və sığorta şirkətlərinə 10,5 milyard dollar təzminat ödəməsi haqqında qərar qəbul edilib.

 

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bu məbləğin 7,5 milyard dolları Ümumdünya Ticarət Mərkəzinin əkiz binalarında və Pentaqon binasında ölənlərin ailəsinə verilməlidir.

 

2001-ci ilin 11 sentyabr tarixində baş vermiş terror aktları ilə əlaqədar sığorta ödənişləri edən sığorta şirkətlərinə isə 3 milyard dollar ödənilməlidir.

 

Nyu-York dairə məhkəməsinin hakimi Corc Deniels bildirib ki, İran Nyu-York, Vaşinqton və Pensilvaniya ştatında terror aktları törətmiş 19 terrorçuya yardım göstərilməsinə dair ittihamları təkzib edə bilməyib. Buna görə də İran terror aktlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdır.

Müəllif | Apa.Tv
Apa.tv