Silahlı Qüvvələrin Qan Bankından REPORTAJ
Bura Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yerləşən Qan Bankıdır. Bu Qan Bankı xəstəxananın yaranma tarixi ilə eynidir.
Qan Bankı bölməsinin rəisi, tibbi xidmət polkovnik-leytenant Kazım Quliyev APA TV-yə açıqlamasında deyib ki, 24 saat fəaliyyət göstərən bu bölmədə qanın bütün komponentləri hazırlanır. Onun sözlərinə görə, 2014-cü ilə qədər Qan Bankının imkanları bu qədər deyildi. Alınan qanlardan heç bir komponent hazırlamaq imkanı yox idi. 2006-cı ildə birinci müalicə korpusu açılıb və yeni cihazlarla təmin olunub. Bundan sonra qanın müəyyən komponentlərini hazırlamaq mümkün olub. Daha sonra 2010-cu ildə ikinci müalicə korpusu açılıb və bundan sonra mövcud imkanlar daha da genişlənib. Qanın bütün komponentlərinin hazırlanması, uzun müddət saxlanılması üçün müasir avadanlıqlarla təmin olunub: "Bu gün həm qanın alınması, saxlanması, eyni zamanda xəstələrə uyğunluğu ən müasir üsullarla bizim Qan Bankında aparılır. 2013-cü ildən bəri bizə kifayət qədər mülki insanlar müraciət edirlər. Qan vermək üçün bizdə müalicə olunan xəstə yaxınları qan verirlər, bu baxımdan demək olar ki, qan ehtiyatımın hamısı mülki insanların hesabına təmin olunur. Qanın saxlanma müddəti 42 gündür, plazmaları isə 3 il müddətinə qədər dərin dondurucularda saxlama imkanı əldə etmişik. Bizim yetəri qədər ehtiyat donorlarımız var ki, ehtiyac olarsa, onlara müraciət edə bilərik".
Fürsətdən istifadə edib donorlardan birinin vəziyyəti ilə maraqlanırıq: "Vəziyyətim yaxşıdır, məmnunam, hər dəfə də qan verirəm. Tövsiyə edirəm ki, hamı gəlib könüllü olaraq qan versin".
Kazım Quliyev deyib ki, hospitalda ürək-damar cərrahiyyəsi bölməsi var ki, orada müalicə olunan xəstələrin bütün qan komponentlərini Qan Bankı hazırlayır. Bildirib ki, qan komponentlərinin keyfiyyətli olması ilk növbədə donor seçimindən asılıdır. Buna görə də donor seçiminə xüsusi üstünlük verilir: "Bu Qan Bankı bölməsinin laboratoriyasıdır. Laboratoriyamızda alınmış donor qanların Hepatit B, Hepatit C, QİÇS və sifilisə görə müayinələri aparılır. Bununla yanaşı, biz xəstələrin də müayinələrini laboratoriyamızda aparırıq, çünki qanla yoluxan infeksiyaların öncədən xəstədə olub-olmadığını aşkarlamaq üçün Qan Bankında hər bir donorun şahid nümunələri saxlanılır. Bu da ona görədir ki, il ərzində xəstədə hər hansı bir şübhə yaranarsa ki, köçürülən qandan ona hər hansı bir infeksiya yoluxub, o zaman biz şahid nümunəni təkrar müayinə edib, biz tərəfdən yoluxmadığını isbatlaya bilərik. Burada olan müayinələr nəticəsində əgər hər hansı bir pozitiv nəticə olarsa, biz donorlarla telefon vasitəsilə əlaqə saxlayırıq və onlarda hər hansı bir infeksiya olduğunu və onların qanının donorluğa yararsız olduğu məlumatını çatdırırıq. Kimsə heç zaman gedib Hepatit B və C, QİÇS-ə görə müayinələr aparmır. Amma bir dəfə qan verməklə bütün bunların hamısı donorlara təmənnasız aparılır".
Daha sonra qanın uyğunluq testinin aparıldığı otağa daxil oluruq: "Qanın çarpaz uyğunluq testi. Xəstəyə köçürülən qandan verilən donor qanının uyğunluğu. Buna "cross match" deyirlər. Ola bilər ki, eyni qrupdan olan qanda belə uyğunsuzluq əmələ gələ bilər. Bu zaman biz eyni qrupdan olan başqa qanları götürürük və həmin xəstənin qan uyğunluğunu aparırıq. Bu çox güvənlidir. Burada bütün xətalar, bura qədər olmuş xətalar, torba qanı səhv yoxlanılıbsa, səhv qeydiyyatlar aparılıbsa, son olaraq bu "cross match"da bunların hamısı qeyd olunur. Qan köçürülən xəstələrdə bu günə qədər heç bir fəsadlaşma aşkar olunmayıb. İndi bizim laborant suspenziya hazırladı, onu inkubatora qoyacaq, sonda da dəyərləndirəcək. Bu, ən son texnologiyalardan biridir və ilk dəfə Silahlı Qüvvələrin Qan Bankında tətbiq olunub. 2013-cü ildən demək olar ki, biz bu sistemlə çalışırıq".
Qeyd edək ki, Silahlı Qüvvələrin Qan Bankı 24 saat fəaliyyət göstərir.