Azərbaycan prezidenti IV Qlobal Bakı Forumunun açılışında çıxış edib: "Ermənistan sülh istəmir"
Martın 10-da Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumda iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.
Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
IV Qlobal Bakı Forumunu açan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin hazırda dünyanı narahat edən məsələlərin çoxşaxəli olduğunu deyib, bu problemlərin aradan qaldırılması üçün müzakirələrin aparılmasının vacibliyini diqqətə çatdırıb. O, IV Qlobal Bakı Forumunun bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb və bu cür mötəbər tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Forumun dünyada baş verən mühüm və qlobal məsələlərin müzakirəsi baxımından artıq ənənəyə çevrildiyini bildirib. Dövlət başçısı ötənilki görüşdən sonra dünyada bir çox dəyişikliklərin baş verdiyini deyib, bu tədbirin məqsədlərindən birinin də planetdə gərginliyin azaldılması, əməkdaşlıq və qarşılıqlı anlaşma üçün əsasların yaradılması olduğunu diqqətə çatdırıb.
Bu il ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyini deyən prezident İlham Əliyev ötən dövrdə Azərbaycanın bir çox problemlərlə üzləşdiyini, terror və müharibəyə məruz qaldığını vurğulayıb. Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyini bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyır. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çıxması ilə bağlı qətnamələrinin hələ də həyata keçmədiyini deyən prezident İlham Əliyev BMT qətnamələrinin icra mexanizminin yenidən işlənməsinin vacibliyinə diqqəti cəlb edib.
“Ermənistan sülh istəmir və status-kvonun dəyişməməsinə çalışır”, - deyən dövlət başçısı işğal olunmuş ərazilərdə hər şeyin məhv edildiyini, tarixi abidələrin, qəbiristanlıqların dağıdıldığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, işğalçı cəzalandırılmalıdır, əks halda, o, planlarını davam etdirəcək və təhlükə də daim mövcud olacaq.
Azərbaycanda bütün azadlıqların təmin olunduğunu, iqtisadiyyatın inkişaf etdiyini, yoxsulluğun azaldıldığını, sosial və infrastruktur layihələrinin icra olunduğunu deyən dövlət başçısı ölkəmizdə sərmayələr üçün münbit şəraitin yaradıldığını, iqtisadi islahatların uğurla aparıldığını diqqətə çatdırıb. İndi əsas məqsədin iqtisadiyyatda neft və qazdan asılılığın azaldılması olduğunu deyən prezident İlham Əliyev hazırda nəqliyyat infrastrukturunun yaradılması, enerji sektorunun daha da inkişaf etdirilməsi istiqamətində işlərin getdiyini vurğulayıb, “Cənub” qaz dəhlizinin əhəmiyyətindən danışıb, bu layihənin reallaşmasında Azərbaycanın mühüm rolunun olduğunu bildirib.
Bu il ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən dövlətimizin başçısı müstəqillik illərində bu meylin daha da möhkəmləndiyini və dövlət siyasətinə çevrildiyini bildirib. “Multikulturalizm yaşayır, onun gələcəyi var”, - deyən Azərbaycan prezidenti ötən ay Nizami Gəncəvinin vətəni olan Gəncə şəhərində İmamzadə dini-mədəniyyət kompleksinin açıldığını, həmin tədbirdə ölkəmizdəki bütün dini icmaların rəhbərlərinin çıxış etdiyini, respublikamızda heç bir ayrı-seçkiliyin olmadığını, bunun da gələcək inkişafımıza zəmin yaratdığını diqqətə çatdırıb.
Ötən il Bakıda Birinci Avropa Oyunlarının keçirildiyini, gələn il isə İslam Həmrəylik Oyunlarının baş tutacağını deyən dövlət başçısı bildirib ki, bizim əsas məqsədimiz ölkəmizin uğurlu inkişafını təmin etməkdir.
Sonra Bolqarıstan prezidenti Rosen Plevneliyev, Albaniya prezidenti Buyar Nişani, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili çıxış ediblər.
Daha sonra Böyük Britaniyanın baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktub oxunub. Məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxuyub.
Kanadanın baş naziri Castin Trudeaunun, UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətləri nümayiş etdirildikdən sonra Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib.
Sonda birgə foto çəkdirilib.