Marqvelaşvili: "Gürcüstanın yeni müttəfiqlərə ehtiyacı var"
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumu öz işini panel iclaslarla davam etdirir.
APA TV-nin məlumatına görə, rəsmi açılış mərasimindən sonrakı sessiya “Müasir dövrdə dünyanın vəziyyəti. Gələcəyin çətin problemlərinin həllində nəyə ehtiyac duyulur” mövzusunu əhatə edib.
Sessiyanın moderatoru Yeni Zelandiyanın sabiq baş naziri Ceyms Bolger bu mötəbər tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Panel iclasda çıxış edən Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç münaqişələrin həllində qarşılıqlı anlaşmanın və kompromislərin əhəmiyyətini qeyd edib. Bosniya və Herseqovinada müxtəlif etnik və dini icmaların nümayəndələrinin yaşadığını bildirən M.İvaniç ölkəsində etnik, dini qarşıdurmalara yol verilməməsi üçün mövcud təcrübədən danışıb.
Albaniya prezidenti Buyar Nişani Forumu fəal dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili öz çıxışında beynəlxalq layihələrin icrası üçün Gürcüstanın yeni müttəfiqlərə ehtiyacı olduğunu deyib. O, Gürcüstanın xüsusilə Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq etdiyini, ölkələrimizin birlikdə mühüm layihələri reallaşdırdığını söyləyib.
Monteneqro prezidenti Filip Vuyanoviç isə yoxsulluğun aradan qaldırılması, bərabər təhsil imkanlarının təmini, iqlim dəyişikliyi və digər hədəflərə çatmaq üçün beynəlxalq ictimaiyyətin ciddi səy göstərməli olduğunu bildirib.
Makedoniya prezidenti George İvanov müasir dövrdə baş verən münaqişələrin həllində dövlətlərin və beynəlxalq təşkilatların fəal və ciddi mövqe ortaya qoymasının, yeni üsulların tapılmasının zəruriliyini diqqətə çatdırıb.
İsrailin sabiq baş naziri Ehud Barak isə öz çıxışında əsasən dünyanı təhdid edən problemlərə, xüsusən də terrorizm mövzusuna toxunub.
Dünyada daimi sülhün və dayanıqlı inkişafın bərqərar olmasının əsas hədəf olduğunu vurğulayan Finlandiyanın sabiq prezidenti Tarya Halonen bu mötəbər tədbirdə gənclərin də fikirlərinin yer almasının bir çox problemlərin həllində yeni yanaşmaların öyrənilməsi baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Forum öz işini sabah da davam etdirəcək.