İtaliyalı diplomatdan Bakıda etiraf: "Əsədin hakimiyyətdən getməsini tələb etməməli idik"

IV Qlobal Bakı Forumu çərçivəsində Suriyadakı müharibəyə həsr olunan “Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru” mövzusunda panel keçirilib.

 

APA TV-nin məlumatına görə, panelin aparıcısı, İsveçin Suriyadakı səfiri Piter Semnebi bildirib ki, hazırda Suriyada baş verənlər dünyanın ən qəddar müharibəsidir. O qeyd edib ki, bu, artıq bəşəri böhrandır və dünya bunun qarşısını almalıdır.

 

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib ki, hazırda Suriya böhranının həlli ilə faktiki olaraq iki koalisiya - Qərb və Rusiya-İran koalisiyası məşğuldur: “Suriyaya müdaxilə ilə bağlı onu deyə bilərəm ki, bu olmalıydı. Amma elə etmək lazımdır ki, hər iki koalisiya fərqli mövqe nümayiş etdirməsin və eyni mövqedən çıxış etsinlər. Təbii ki, əgər biz Suriya böhranının tezliklə aradan qalxmasını istəyiriksə”.

 

Sabiq nazirin sözlərinə görə, Suriya müharibəsi fonunda Avropaya axışan qaçqın ordusu onlar üçün gözlənilməz olub: “Biz bunu gözləmirdik. Hazırda Avropaya axışan qaçqın ordusu gələcək böhrandan xəbər verir. Biz ümumiyyətlə, bu böhranların öhdəsindən gəlmək üçün əvvəldən səhv addımlar atmamalıydıq. Ən böyük səhv o idi ki, biz əvvəldən Bəşər Əsədin hakimiyyətdən getməsini tələb etməməli idik”.

 

Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç də Suriya müharibəsinin dünya üçün ciddi problem yaratdığını vurğulayıb: “Qaçqınlar bu problemin nəticələrindən biridir”. Onun fikrincə, Suriyada baş verənlər enerji uğrunda mübarizənin bir formasıdır və bunu açıq söyləmək lazımdır.

 

Livanın sabiq prezidenti Amine Gemayel Suriya böhranının əslində çoxtərəfli münaqişə olduğunu söyləyib: “İnsanlar Suriyada 40 ildən çox davam edən diktaturadan yorğun düşmüşdü. Hazırkı böhranın nəticələri isə iqtisadi və sosial cəhətdən çox dramatik oldu. İnsanlar ölkəni tərk edərək Avropaya və Türkiyəyə köçməyə məcbur qaldı”.

 

Türkiyənin sabiq xarici işlər naziri və parlamentin sədri Hikmət Çətin çıxışında deyib ki, hazırda dünya ölkələri heç bir münaqişəni həll edə bilməyəcək durumdadır. Qarabağ münaqişəsini də buna misal çəkən H.Çətin qeyd edib ki, hazırda Türkiyədə 3 milyona yaxın suriyalı qaçqın var: “Rəsmi məlumatlara görə, indiyədək 271 min insan öldürülüb, bunlardan 13 500-ü uşaqdır. Suriyadakı vəziyyət düzgün qiymətləndirilmədi. Bəşər Əsədin güclü ordusu var idi. Bundan başqa, Rusiya və İranın ona dəstəyi də nəzərə alınmadı. Demokratiyanı ölkəyə kənardan gətirmək mümkün deyil. Bu, İraqda baş verdi və İraqın iki yerə bölünməsinin şahidi olduq”. H.Çətin B.Əsədə qarşı mübarizəni gücləndirməyə çağırıb və problemin onun hakimiyyətdən getməsi ilə həll olunacağını söyləyib.

 

Panel sual-cavablarla davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı