Gəncədə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi davam edir
Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən bölgələrdə səyyar xidmətlər əsasında şəxsiyyət vəsiqələrinin verilməsi aksiyası davam edir.
APA TV-nin qərb bürosunun xəbərinə görə, belə aksiyalardan biri bu gün Gəncədə yerləşən futbol təmayüllü gimnaziyada keçirilib.
Gəncə şəhər Baş Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinin və qurumun tabeli orqanlarının əməkdaşları təhsil ocağında 16 yaşa qədər və bu yaşdan yuxarı məktəblilərə şəxsiyyət vəsiqəsinin verilməsi üçün sənədləri toplayıblar.
Şöbə müdiri Təranə Şahmuradova aksiya ilə əlaqədar bunları deyib: "İlk növbədə orta məktəblərdə biz bu xidməti ona görə təşkil edirik ki, şagird və məzunun elektron xidmətinə daxil olması üçün hər birinin şəxsiyyət vəsiqəsinin olması vacibdir. Hansı məktəblərdə sənədlər qəbul olunursa, elə şəxsiyyət vəsiqələrinin paylanmasını da həmin yerlədə təşkil edirik".
Məlumata görə, belə aksiya həftədə iki dəfə olmaqla müxtəlif təhsil ocaqlarında təşkil olunur. İndiyədək 670 nəfər azyaşlı şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Aksiyanın bundan sonra da davam etdiriləcəyi bildirilib.