Qobustan həbsxanasında ömürlük məhbusların kitablarının təqdimat mərasimi keçirildi
Qobustan qapalı təcridxanasında ömürlük məhbusların şeirlərindən ibarət növbəti kitabların təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Sergey Strelyayev 6-cı kitabın işıq üzü görməsinə sevinib, Yasin Marifoğlu isə ilk kitabında "Gəl, azadlığım" deyib 19 illik azadlıq həsrətindən söhbət açıb.
Təqdimat mərasimini giriş sözü ilə açan Penitensiar Xidmətin şöbə rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov belə tədbirlərin Azərbaycanda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb, ölkə başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat verib: "Sergeyin yaradıcılığı haqda çox danışmaq olar. Mən hələ 2005-ci ildə bura gələndə, özü dediyi kimi, cızma-qara edirdi. Ona dedim ki, sən bu yazdıqlarını yığ saxla, zamanı çatanda çap edərsən. Budur, zamanı çatıb. Artıq 6-cı kitabı işıq üzü görüb. Çox vaxt heç məşhur yazıçıların həyatında bu qədər kitab çap olunmur".
Tədbirdə hər iki məhkumun qohumları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər belə bir tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin, söz və mətbuat azadlığının təmin olunduğunu qeyd ediblər.
Tədbir də müəlliflər də çıxış ediblər.
Sergey Strelyayev: "İnsanlar bir atdım atmazdan əvvəl fikirləşməlidir, sevgini unutmamalı, yaxşılıq etməlidir. Bir sözlə, həyat gözəldir".
Yasin Marifoğlu: "Bu, ilk kitabım olsa da, yazılarım çoxdur. Yaxın vaxtlarda ikinci və üçüncü kitablarım da çap olunacaq".
Sonda hər iki ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlar imzaladıqları kitabları tədbir iştirakçılarına və məhbus yoldaşlarına təqdim ediblər.
Qeyd edək ki, yaradıcılıqla məşğul olduqlarını nəzərə alaraq, müəssisə rəhbərliyi Sergey və Yasinin eyni kamerada qalmaq təklifini müsbət qiymətləndirib.