Tovuzda tutulan qoyun oğrusu: "10 manat verirlər, deyirlər çıx get"

Tovuzda oğurluq faktının üstü açılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıda uşaq evlərinin birində böyüyən 22 yaşlı Səddam Şəbiyev saxlanılıb.

 

O, Tovuzda işlədiyi fermadan 56 baş xırdabuynuzlu heyvan oğurlayıb. Müstəntiq İlqar Abdullayevin dediyinə görə, ələ keçirdiyi heyvanları Şəmkir rayonunun Çənlibel kəndinə apararaq, onlardan bir neçəsini Gədəbəy rayonunda satmağa nail olsa da, digərlərini satmağa imkan tapmayıb: "Eyni zamanda oğurlanmış heyvanlardan 6 baş quzu Gədəbəy rayonunda satılıb, satışdan əldə olunmuş 300 manat tərəfimizdən götürülüb".

 

Gənc yaşında törətdiyi əməldən peşman olan Səddam Şəbiyev oğurluq etməyinin səbəbini ferma sahibinin onun 87 manat məvacibini kəsdiyi üçün etdiyini deyir. Bakıda uşaq evlərinin birində böyüyən "qəhrəman" kameradan üzünü gizlədərək gələcəkdə işə götürülməyəcəyindən də narahat qalıb: "Burda çoban işləyirdim. Çıxardıb 10 manat verirlər, deyirlər çıx get. Nə ev yox, nə eşik yox, nə də işlə təmin eləmirlər. Harda gəldi, işləyirəm də".

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli