Nazirdən Nabrandakı istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Xaçmazda vətəndaşları qəbul edib. Görüşə Xaçmazla yanaşı Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonundan olan sakinlər qatılıb. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə 60-a yaxın vətəndaşın müraciətinə baxılıb.

 

APA TV-nin xəbərinə görə, qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı şikayət və təkliflər dinlənilib. Şikayət xarakterli müraciətlər qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi, eyni zamanda aidiyyəti qurumlara çatdırılması üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşları narahat edən bəzi məsələlər isə yerindəcə həllini tapıb.

 

Nazir Nabran istirahət mərkəzində yerləşən turizm obyektlərinin sahiblərinə də xəbərdarlıq edib. O qeyd edib ki, tullantı maddələrin və çirkab suların birbaşa Xəzər dənizinə axıdılması yolverilməzdir.

 

Eyni zamanda, bəzi şəxslər tərəfindən şəxsi mahiyyət daşıyan müraciətlər edilib. Həmin məsələlər nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Müəllif | Apa.Tv
Vəli Turan