Zakir Həsənov: "Qarşıda torpaqlarımızı azad etmək kimi müqəddəs vəzifə dayanır"
Prezident İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi ötən gün cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, zabit, gizir və əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Zakir Həsənov bildirib ki, ordunun yüksək dağıdıcı gücə malik silahlarla təmin olunması işi bu il də davam edəcək. Nazir deyib ki, şəxsi heyət dövlətin, xalqın etimadını doğrultmaq üçün gecə-gündüz durmadan çalışmalı və xidməti döyüş hazırlığını yüksəltməlidir. Çünki qarşıda torpaqlarımızı işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.
Hərbi hissədə fəaliyyət göstərən çörəkbişirmə sexi ilə də tanış olan nazir çörəyin istehsal şəraiti, keyfiyyəti ilə maraqlanıb və burada çalışan mülki işçilərlə görüşərək şəxsi heyətin təminatı ilə bağlı müvafiq göstəriş və tövsiyələrini verib.
Sonda hərbi hissəyə xatirə olaraq çinar ağacları əkilib.