NATO generalı: "Suriya Yuqoslaviya kimi bölünməlidir"

"Suriya Yuqoslaviya kimi bölünməlidir". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, NATO-nun Avropadakı komandanlığının sabiq rəhbəri Ceyms Stavridis Suriya böhranından çıxış yolunu təklif edib.

Onun fikrincə, Suriyada hazırda gedən vətəndaş müharibəsi və yaranmış iqtisadi böhrandan yeganə çıxış yolu ölkənin Yuqoslaviya nümunəsində olduğu kimi bölünməsidir: "Suriya bir ölkə kimi artıq mövcud deyil. Ölkənin bir çox regionlarında prezident Bəşər Əsədə tabe olmaqdan imtina edən və bilavasitə özünün nəzarət edəcəyi ərazilərə malik olmaq istəyən silahlı birləşmələr fəaliyyət göstərir. Suriya I Dünya müharibəsindən sonra yarandığından İran, Türkiyə və Yunanıstan kimi özünün qədim sivilizasiyası ilə öyünə bilməz".

C.Stavridis qeyd edib ki, ölkənin yenidən təşkil edilməsi prosesinə yalnız İŞİD mövqelərinin tamamilə dağıdılması və ya maksimal dərəcədə zəiflədilməsindən sonra başlanıla bilər: "Əgər Suriyada sülhyaratma prosesində iştirak edən tərəflər danışıqları uğurla davam etdirə bilsə, zaman keçdikcə onlar öz aralarında həm yeni konstitusiya, həm də seçkilərin keçirilməsi ilə bağlı razılığa gələ bilərlər".

Müəllif | Apa.Tv
Apa.tv