Natiq Əliyev: "Neftin qiyməti artacaq"

"Bu ilin sonunadək dünya bazarında neftin qiymətinin artacağını düşünürəm". APA TV-nin məlumatına görə bunu jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

 

"Dünya bazarında neftin qiyməti bir çox faktorlardan asılıdır. Burada iqtisadi, siyasi, nəqliyyat faktorları var. Kimsə desə ki, neftin qiymətinin sabahdan artacağını 100 faiz bilir, mən ona yenə inanmaram. Getsin birjada oynasın. Bəzi ekspertlər deyirlər ki, bu, kimlərəsə qarşı olan siyasi oyunlardır. Ola bilər. Amma bunun uzun müddət davam etməsi mümkün deyil. Ona görə ki, neftin maya dəyəri var və qiymət maya dəyərindən aşağı ola bilməz" - deyə Natiq Əliyev qeyd edib.

 

Nazir bəzi şirkətlərin neft hasilatını azaltdığını bildirib: "Bu isə o deməkdir ki, gələcəkdə neft ehtiyatları da azalacaq. İqtisadi artım olduqca isə neftə və enerjiyə tələbat da artacaq. 2035-ci ilə kimi elektrik enerjisinin qiymətinin də 35 faiz artması gözlənilir. Lakin 2035-ci ilə kimi neft dominant enerji növü kimi qalacaq. Tələbat artdıqca, neftin qiyməti də qalxacaq. Bu gün nefti tapmaq, istehsal etmək, çatdırmaq çətin məsələdir, get-gedə xərclər də artır. Maya dəyəri artdıqca, neftin qiyməti də artacaq. Son vaxtlar bu artımı müşahidə edirik".

 

Azərbaycanda bərpa olunan və alternativ enerji resurslarının inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirildiyini deyən Natiq Əliyev qeyd edib ki, növbəti onillik Azərbaycanda bərpa olunan və alternativ enerji erası olacaq. Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji istehsalı üçün əlverişli iqlimi var: "Abşeron yarımadasında və digər yerlərdə çox vaxt hava küləkli olur, külək enerjisinin istehsalı üçün əlverişli şərait var. Azərbaycanda il ərzində günəşli günlərin də sayı çoxdur. Azərbaycanda şərait bərpa edilən enerjinin istehsalı üçün cəlbedicidir. Azərbaycan ənənəvi olaraq neft və qaz hasil edən ölkədir. Hazırda Azərbaycan İtaliya, İspaniya və digər Avropa ölkələrinin bərpa olunan enerji istehsalı sahəsində təcrübəsini öyrənir”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı