Balakəndə 19 yaşlı qız 23 yaşlı oğlanı bıçaqladı - TƏFƏRRÜAT
Balakəndə 23 yaşlı oğlan 19 yaşlı qız tərəfindən bıçaqlanıb. Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, bu gecə saat 03:00 radələrində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayev bədənin çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı məlum olub ki, 23 yaşlı V.Mustafayev sağ bel nahiyəsindən, sol döşündən kəsilmiş və daxilə nüfuz edən, sağ əl pəncəsindən isə kəsilmiş bıçaq yarası alıb. Yaralı üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından APA TV-yə bildirilib ki, Vüsal Mustafayevin rayonun Qullar kənd sakini, 19 yaşlı Xədicə Nəsib qızı Qarayeva tərəfindən bıçaqlanması məlum olub. Keçirilmiş tədbir nəticəsində X.Qarayeva şübhəli şəxs qismində saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.
Aparılan ilkin istintaq zamanı məlum olub ki, Vüsal Mustafayev gecə saatlarında Xədicə Qarayevanın yaşadığı evə soxulub və onun atası Nəsib Qarayev ilə hələ ki istintaqa məlum olmayan səbəbdən dava edib. Bunu görən Xədicə Qarayeva atasına kömək etmək məqsədilə Vüsal Mustafayevi bıçaqlayıb.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.