Seçki reklamları üçün fotolar günün hansı saatında çəkilməlidir? - EKSPERT RƏYİ
Təbliğat kampaniyası seçkilərin ən önəmli dövrüdür. Namizədlərin real gücü, natiqlik qabiliyyəti, liderlik keyfiyyəti bu kampaniya dövründə daha qabarıq üzə çıxır. Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində təşviqat kampaniyasının aparılmasına 22 gün ayrılıb.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev APA TV-yə dedi ki, məhz bunu nəzərə alaraq, seçkilərdə iştiraka qərar vermiş hər bir namizəd 3-4 ay əvvəldən öz obrazını görməli idi. Bunun üçün namizədin seçki kampaniyasının təbliğat və təşviqat planını qura biləcək menecer-dizayneri olmalıdır. Bundan başqa seçki plakatlarında xüsusi əhəmiyyət kəsb edən çağırışlar olmalıdır. Bunlar olmasa, namizədin obrazı görünmür və o seçkilərdə məğlub olar.
Hacıəmi Atakişiyevin sözlərinə görə, təbliğat kampaniyasında əsas gücü motivlərə vermək lazımdır. Çünki, motivlər beyinə həkk olunur. Eyni zamanda reklam sosial əhəmiyyət daşıdığına görə, hər bir siyasi lider reklama möhtacdır. Reklam pafosa deyil, obyekiv tədqiqatdan doğan təhlilə əsaslandıqda təsir gücünə malik olur. Əgər bütün siyasi ruporlar eyni səs və eyni fikir yayırsa, onda həqiqət çalarları belə şübhə yaradır. Demokratik cəmiyyətdə hakimiyyət uğrunda mübarizə aparan müxtəlif partiyalar da reklam xidmətindən istifadə edirlər. Partiya strukturu maksimum qayda-qanun və minimum tənqiddən ibarət olduğundan, burada reklam klipi də protokol xarakteri daşıyır. Bəs hazırda Azərbaycanda bu sahədə vəziyyət necədir? Hacıəmi Atakişiyev bildirir ki, hazırda ölkədə dünya təcrübəsindən demək olar ki, istifadə edilmir. Namizədlər təbliğat kampaniyasında A-2, A-3 formatında hazırlanan, yalnız portretdən ibarət təşviqat materiallarına üstünlük verilir. Bu isə heç bir standartlara cavab vermir. Çünki, siyasi reklamın ölçüləri şəhərin ümumi görünüşünün standartlarına uyğun olmalıdır: "Bunu bir imicmeyker olmalıdır ki, bunu bir seçkiyə gedən adamın bir sifətə, obrazı insanları qorxutmasın. Məsələn son plakatlar var yavaş-yavaş şəhərə çıxır. Bunlar seçki kompaniyası üçün çox kiçikdir. Yəni insanlar bunu lupayla görürlər. Maşınla gedən insanlar heç bunu görmür, fikirdə vermir. Yanında keçəndə çox kiçik olduğuna görə, onun sloqanını oxuya bilmir”.
Namizədlərin portret janrında çəkilən fotoları da standartlara cavab vermir. Çünki, hər bir şəkil çəkilən zaman namizəd sərbəst buraxılmalı, onun hissləri söndürülməlidir. Həmçinin fotonun çəkilmə vaxtı da önəm kəsb edir. Belə ki, otaq içərisində çəkilən portretlərin heç bir gücü olmur. Məsələn, səhər saat 10:30 - dan 11: 45-ə dək günəş işığı qalxanda və axşam 16:45 - dən 18:00 - ə qədər ərsəyə gələn şəkillər xüsusi effektə malik olur və təxtəlşüura təsir edir. Hacıəmi Atakişiyev namizədlərin təbliğat materiallarında bayraq elementlərinə üstünlük verməsinə də münasibət bildirib: "İndi bizdə qəbul olunub ki, bayraq fotosu olmasa, seçki alınmaz. Bayraq məsələn, parlament seçkilərində vacibdir. Orada lazımdır. Amma prezident seçkilərində hər kəs bayrağa bürünüb ortaya çıxmamalıdır".
Qeyd edək ki, namizədlərin təşviqat üçün əsasən telekanallarda ayrılmış vaxtdan istifadə edirlər. Hacıəmi Atakişiyev hesab edir ki, televiziya reklam işində hələ də dünyaya əvəzedilməz pəncərə olaraq qalır. İnternet auditoruya sürətlə genişlənsə də, onlayn media hələ də seçkilərlə bağlı ictimai marağı tam təmin etmək səviyyəsində deyil.