Fərzəli-oba: 1918-ci il soyqırımlarının daha bir şahidi - REPORTAJ
Xaçmaz rayonunun Fərzəli-oba kəndi yaxınlığındakı qədim yaşayış məskənlərinin tədqiqata ehtiyacı var. APA TV-nin şimal bürosunun xəbərinə görə, ərazidə bu vaxtadək arxeoloji qazıntılar aparılmayıb.
Lakin kənd sakinləri tikinti işləri üçün torpaq apararkən müxtəlif saxsı qablar, qədim silahlar, küplər və insan qalıqları üzə çıxıb. Tapılan tarixi qalıqların çoxu mal-qara tərəfindən dağıdılsa da, bir hissəsi hələ də qalmaqdadır. Aşkarlanan əşyaların Qədim Albaniya dövrünə, insan sümüklərinin isə ötən əsrin əvvəllərində erməni quldur dəstələri tərəfindən öldürülən yerli sakinlərə aid olduğu ehtimal edilir bildirilir. Qeyd edilən dövrdə ermənilər Fərzəli-oba kəndində yanğınlar törədib, çox sayda insanı öldürüb. Təsadüfi deyil ki, Fərzəli-oba kəndinin bir hissəsi insanlar tərəfindən hələ də “Qarayanıq-oba” adlandırılır.
Tədqiqatçı Hacı Hacızadənin sözlərinə görə, Fərzəli-obada erməni daşnakları tərəfindən qətliam törədilib: "Burda arxada gördüyünüz insan sümükləri erməni faşistlərinin 1915-18-ci illərdə törətdikləri vəhşiliklərin bir nümunəsidir. Onlar burada yanğınlar törədib, təsadüfi deyil ki, bu kəndin yaxınlığındakı yaşayış məskəni Qarayanıq adlandırılıb. Arxeoloqlar gəlib burda qazıntı işləri aparsalar, xeyli belə insan sümüklərinə rast gəlmək olar. Onların vəhşiliklərinə bir növ əyani sübut kimi göstərmək olar. Bu ərazidə bu skeletlərdən başqa tapılan müxtəlif küplər, silahlar, məişət əşyaları onu göstərir ki, bu kəndin çox qədim yaşı və tarixi var".
Tapılan əşyalar ərazinin qədim yaşayış məskəni olduğunu göstərsə də, bu vaxtadək orada arxeoloji qazıntılar aparılmayıb. Həmçinin yaxınlıqdakı meşədə yerləşən bu qəbirlərin də tarixi heç kimə bəlli deyil. Tədqiqatçı Hacı Hacızadə bildirir ki, daş qəbirlərin üzərindəki yazılar ilk baxışdan ərəb əlifbasına bənzəsə də, tamam başqa dildə yazılıb: "Qəbir daşlarının qədimliyi görüntüsündən məlumdur. Yaxşı olardı ki, mütəxəssislər gəlib qəbir daşlarını oxusun və buranın qədimliyini əhaliyə bildirsin".
Qeyd edək ki, Fərzəli-oba kəndi Xaçmaz rayon mərkəzindən 30 km uzaqlıqda yerləşir.