Elçin Quliyev Rusiya Sərhəd Xidmətinin rəhbəri ilə görüşüb
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
APA TV-nin xəbərinə görə, nümayəndə heyəti ilk olaraq ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.
Səfər çərçivəsində Azərbaycan Dövlət Sərhəd Xidməti və Rusiya Federasiyası Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.
Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb.
Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu vurğulanıb, həmçinin sərhəd mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.