Azərbaycan prezidenti Rusiya Sərhəd Xidmətinin rəhbərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 11-də Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.
APA TV-nin xəbərinə görə, prezident İlham Əliyev Vladimir Kulişovun ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən prezident İlham Əliyev Azərbaycan və Rusiyanın sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək, qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini diqqətə çatdırıb.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov Prezident İlham Əliyev ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını deyib.