Suriyalı gənc: "Biz təslim olmayacağıq"

Bakıda IV Qlobal Forum çərçivəsində “Gənclər danışır, biz dinləyirik” adlı xüsusi panel müzakirəsi keçirilib.

 

APA TV-nin məlumatına görə, paneldə fərdi təşəbbüs əsasında tədbirə qatılan Kanada, Pakistan, Azərbaycan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən olan gənc liderlər çıxış ediblər.

 

Əslən Suriyadan olan kanadalı gənc ekstremizmin Suriyanın inkişafına mane olduğunu deyib. Onun sözlərinə görə, terroru dəstəkləyən dövlətlər Suriyanın resurslarına göz dikib: “Biz suriyalılar bir xalqıq və qərarımızı özümüz verməliyik. Suriya mədəniyyətlərin yarandığı torpaqdır. Biz təhsil və tarixə böyük önəm veririk. 7 min il tarixi olan kimliyimizi heç kim dəyişə bilməz. Biz təslim olmayacağıq və digər ölkələrə yaşamaq üçün getməyəcəyik”.

 

Paneldə iştirak edən azərbaycanlı qız isə miqrasiya problemindən danışıb: “Miqrasiya bəşəriyyətin problemidir. Yoxsulluq, təbii fəlakətlər, müxtəlif böhranlar səbəbindən miqrasiya kimi problemlərə üzləşirik. Dağlıq Qarabağda münaqişə üzündən 1 milyondan çox insan qaçqın və məcburi köçkün olub, etnik təmizləməyə məruz qalıb".

 

Panel müzakirələrlə davam edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı