Erməni deputat: “Sərkisyan kazinoda 70 milyon avro uduzub”

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Zaruhi Postandjyan qurumun plenar sessiyasında çıxış edən Serj Sərkisyana sual ünvanlayıb. O Serj Sərkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiyini bildirib, onun bu yaxınlarda Avropa ölkələrindən birində kazinoda 70 milyon avro pul uduzduğunu deyərək bu qədər pulu haradan aldığını soruşub.

 

APA TV-nin xəbərinə görə, Serj Sərkisyan öz növbəsində heç vaxt kazinoya getmədiyini və 70 milyon avrosunun olmadığını deyib: “70 milyon avrom olsaydı, yarısını sizə verərdim, bəlkə onda xoşbəxt olardınız”.

 

Xatırladaq ki, Ermənistanda "İrs" partiyasının üzvü olan Zaruhi Postandjyan AŞPA-nın 24 iyun 2009-cu il plenar iclasında səs-küyə səbəb olan təkliflə çıxış edib. O Ermənistanda 1 mart 2008-ci il hadiəsləri ilə əlaqədar qəbul edilmiş qətnamələrə dəyişiklik edilməsini istəyib. Təklifinin dəstəklənməsi üçün Postandjyan Azərbaycan və Türkiyə nümayəndə heyətlərinə də müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv