Azərbaycan güləşçisi Avropa çempionu oldu

 

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

 

APA TV-nin məlumatına görə, çempionatın dördüncü günündə qadın və sərbəst güləşçilər mübarizəni yekunlaşdıracaqlar.

 

Mübarizəyə 1/8 finalda başlayan yığmamızın üzvü Natalya Sinişin (58  kq) ilk görüşdə belaruslu Veronika İvanovaya qalib gəlib, ardınca isə ukraynalı Anna Vasilyenko və İsveç təmsilçisi Elin Yohanna Nilssonla (İsveç) dueldən qalib ayrılıb. Rəqiblərini müvafiq olaraq, 5:0 və 12:2 hesabı ilə məğlub edən Sinişin finala yüksəlib.

 

Avropa çempionatında ilk titul arzusunda olan idmançı həlledici görüşdə Qrays Yakob Bullenlə (Norveç) görüşüb. Qarşılaşma təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Sinişin karyerasında ilk dəfə qitənin ən güclüsü ünvanını qazanıb.

 

Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik (48 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Yuliya Ratkeviç (60 kq) və Hacı Əliyev (61 kq) bürünc medal qazanıb.

 

Müəllif | Apa.Tv