Bakıda avtobus yol polisinin saxlatdığı maşınlara çırpıldı: yaralılar var
Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, yol polisi əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman sürücülərinin sərxoş olub-olmadığını yoxlamaq üçün “Hyundai” və “Mercedes” markalı avtomobilləri saxlatdırıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu “Mercedes”ə, o isə öz növbəsində “Hyundai”yə çırpılıb.
Qəza zamanı “Mercedes”in sürücüsü və avtomobildəki sərnişin xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. O, sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Qəza zamanı avtobusda sərnişin olmayıb.
Faktla əlaqədar araşdırma aparılır.