Astarada çayətrafı kəndlərdə sürüşmə aktivliyi artıb

Ötən ilin oktyabr-noyabr aylarından başlayaraq cənub bölgəsinə düşən intensiv yağıntı bölgədə torpaq sürüşməsini yenidən aktivləşdirib. APA TV-nin Cənub bürosunun məlumatına görə, əvvəllər sürüşmə əsasən Lerik və Astara rayonlarının ucqar dağlıq ərazilərində müşahidə olunub. Son günlər Lerikdə torpaq sürüşməsi nisbətən səngisə də, Astarada bunun əksi müşahidə edilir. Belə ki, rayonun ucqar dağlıq  və axar çaya yaxın olan ərazilərində torpaq sürüşməsi bu gün də davam etməkdədir. Sürüşməyə daha çox məruz qalan ərazilər isə Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini Dadaş Cəlilovun sözlərinə görə, ona məxsus olan 30 sot torpaq sahəsinin 11 sotu sürüşməyə məruz qalıb. Həyətyanı sahəsində min bir əziyyətlə yetişdirdiyi 50-dən çox sitrus, o cümlədən meyvə ağacları torpaq qatı ilə birlikdə çaya tökülərək sel sularına qarışıb.  Nəticə etibarı ilə ev sahibinə xeyli maddi ziyan dəyib.

 

Torpaq sürüşməsinin getdikcə yaşadıqları evə yaxınlaşması isə Dadaş Cəlilovun ailəsinin təşvişinə səbəb olub. Köçməyə başqa yeri olmayan ailə hər gecəni həyəcan və qorxu içində keçirir:

                                                 

 “Oktyabrın 12-dən bu həyəti sel yuyub aparıb. 20-30 ədəd naringi, bir o qədər limon ağaclarını armatur qarışıq sel suları aparıb. Hər dəfə çaya sel gələndə evdə yata bilmirik”.

        

Torpaq sürüşməsi  Dadaş Cəlilovla yanaşı, daha iki kənd sakininin evi üçün də təhlükə yaradıb. Onlardan biri hətta yenicə tikdirdiyi ikimərtəbəli, təmirli evini sökərək yaxın qohumlarının evinə köçməyə məcbur olub.

 

Kənd sakini Həsən Əliyev evi sökmələrinin səbəbini danışıb: “Təzə tikmişdi, tamamilə təmir etdirmişdi. Amma sel təhlükəsi onu evi sökməyə məcbur etdi. Çayın yamacında evə qədər olan məsafə cəmi 3-4 metrdir. Ona görə də evi sökdük”.

   

 Sakinlərin qənaətincə, sürüşmənin qarşısı alınmasa və onlar  yaşadıqları ərazidən köçürülməsə, hər an bədbəxt hadisə baş verə bilər.

 

Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayon ərazisində torpaq sürüşmələrinin aktivləşməsi barədə müvafiq qurumlara məlumat verilib. Məsələ onların diqqət mərkəzindədir.

 

 

Müəllif | Apa.Tv